10 may - Beynəlxalq Köçəri Quşlar Günüdür

16 Oktyabr 2023, 15:30

2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda, vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir.Ölkəmiz quşların faunası baxımından olduqca zəngindir. Quşların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir.
Hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir. Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan Milli parkları təşkil edilib.
Sadalanan milli parkların ərazisində ekoloji turizmin istiqaməti olan quşların müşahidəsi üçün geniş imkanlar var. Milli parklarımızı ziyarət edən turistlər burada ilboyu həm qışlama, həm köç, həm də yuvalama zamanı quşların müşahidəsini həyata keçirə bilərlər.

Quş növlərinin öyrənilməsi və mühafizəsinə xüsusi diqqəti cəlb etmək məqsədilə hər il olduğu kimi bu il də Şirvan Milli Parkında maarifləndirici tədbir keçirilib.
Ümumdünya köçəri quşlar gününə həsr olunmuş tədbirdə S.Cəfərov adına Salyan rayonu Yenikənd kənd tam orta məktəbinin şagirdləri və ekokönüllülər iştirak edərək milli parkın Qızılqaz gölü ərazisinə köç etmiş quşları müşahidə edib və onlara mütəxəssislər tərəfindən köçəri quşların yaşam tərzi barədə maraqlı məlumatlar verilib. Eyni zamanda bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmə təhlükəsi altında olması barədə də şagirdlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra uşaqlar safari maşını ilə ceyranları müşahidə edib, velosiped sürərək təbiət qoynunda maraqlı və öyrədici həftə sonu keçiriblər.
Tədbirin sonunda şagirdlər arasında bilik yarışması keçirilib və qaliblərə ətraf mühitin mühafizəsinə dair müxtəlif yaş kateqoriyalarını əhatə edən kitablar hədiyyə olunub.